aze  |  rus  |  eng
30.10.2017
Qul bazarı
Yəqin fikirləşəcəksiniz ki, heç belə də iş olar? Səhv etmiş olarsınız, mənim əzizlərim! Amma oxuyub biləndən sonra, əvvəlcə qarnınızı tutub, gözlərininzdən yaş gələnəcən o ki var güləcəksiniz. Bir müddət keçəndən sonra isə, matınız-qutunuz elə quruyacaq ki, diliniz söz tutmayacaq. Nədən ki, bir söz demək üçün ağlınıza qəribə fikirlər gələcək və çaşıb qalacaqsınız. Dərin fikrə dalaraq, pilləli cəmiyyətin o üzlü-bu üzlü yaşam tərzi bir xeyli düşündürəcək sizləri... Bəli... Bu ağlagəlməz hadisə Bakı bağlarının birində vaqe olub. Onu da ərz edim ki, bu cür hadisəyə heç Hindistanın ağlamalı filmlərində təsvir olunan harınlamış varlı-karlıların keçirtdikləri dəm-dəzgahlı həyat tərzlərində belə rast gələ bilməzsiniz. Bu “Qul bazarı” deyilən yer ki var, quldarlıq dövrü zamanındakı “qul bazarından” fərqli bir məkandır. Burada insanlar könüllü sürətdə bu məkana təşrif buyurur ki, öz əl əməklərini satdığa çıxartsınlar. Və burada da elə betər işlərin, elə söz-söhbətlərin şahidi olmaq mümkündür ki, MəlikMəmməd nağılı da bunların yanında yalan olar. “Qul bazarı” dan yeri söküləndən, hava qaralanacan, hətta gecədən sabahacan belə iş tapmaq ümidi ilə müştəri gözləyənlərin toplaşdığı bir məkandır. İşçiyə ehtiyacı olanlar buraya gəlib, qolu qüvvətli, zirək, müxtəlif peşə sahiblərini seçib-seçmələyərək, özləri ilə aparıb məxsusi işlərini gördürürlər. Xoş halına o “qulun” ki, qarşısına çıxan sahibi Allah adamı olur. Həm suyunu-çörəyini verir, həm də razılaşdıqları məbləği tam ödəyib, - sağ olla onu yola salır. Amma vay o haldan ki, dinsizin, imansızın birinə rast gəlinə. Bütün günü qan-tər içində çalışan “qulun” ya zəhmət haqqı yarıbayarı kəsiləcək, ya da ki, heç ödəməmək üçün bir potu-potu, bir qalmaqal salacaq, əlacsız qalan zavallı “qul”da, - xatası məndən uzaq! - deyib, dabanına tüpürüb elə aradan çıxacaq ki, heç tozu-izi də qalmayacaq. Ancaq onu da deyim ki, “qul” hesab edilən bu insanların, əksəriyyətinin daşdan keçən diplomları var. Amma nə faydası? Diplom kara gəlməyəndə, insan dolanışıq naminə məcburdu ki, gedib layiqli-layiqsiz insanların qapılarında tər töksün. Nə isə, mətləbdən çox uzaqlaşmayaq. Günlərin birində, par-par parıldayan, eni-uzunu əndazədən çıxan bir qara CİP dəstə ilə dayanmış “qul”ların yanında nümayişkaranə bir tərzdə dövrə vurub dayandı. Maşının içindən sir-sifətindən yağ daman bir kişi şüşəni endirib, iki barmağını havada oynadaraq, yüksək səslə bağırdı: - Ayə, ey baş-başa verənlər, bəri gəlin görüm. Mənə iki nəfər lazımdır! Elə həmin an da, yağlı müştərini görən “qul”lar bir-birini itələyərək, maşını əhatəyə alıb, - məni, məni! – deyə hay-həşir qoparmağa başladılar. Onların çığır-bağırtısına qətiyyən məhəl qoymayan sanballı müştəri, özlərini didib-tökən “qul”ların arasından iki nəfər bazburtlu “qul” seçib, başı ilə əyləşmələrinə işarə verdikdən sonra, maşına elə bir qaz verdi ki, təkərləri asfaltı eşə-eşə uzaqlaşdı. Kor-peşiman olmağa imkan tapmayan qullar təkərlərin altından çıxan toz burulğanından boğulmamaq üçün, necə gəldi geriyə sıçradılar. Mərdəkan bağlarına üz tutan CİP üçmərtəbəli bir villanın darvazasından içəri keçib dayandı. Üçüncü mərtəbənin külafirəngisində qurulan eyş-işrət məclisindəki xanımların şən qəhqələri eşidilirdi. Maşından ehtiyat edə-edə düşən “qul”lar ətrafa nəzər yetirib, təəccüblə bir-birlərinə baxdılar. Gül-gülü, bülbül-bülbülü çağıran bu bağ-baxçada onların nə iş görəcəkləri ağıllarına gəlmədi. Sifətindən yağ daman, şişman qarınlı malikanənin sahib onlara bir söz demədən, harasa getdi. Bir müddətdən sonra qucağında iki sivrim boylu, döyüşkən yapon xoruzları ilə geri qayıtdı. Başını qaldırıb külafirəngidən onlara sarı boylanan, qaqqıltıları kəsilməyən xanımlara, bəylərə sarı boylanaraq irişə-irişə: - İndi sizə bir kef verəcəyəm ki, ömrünüzdə görməmisiniz! Sürpriz!!! – deyib, matdım-matdım ona baxan “qul”ları təpədən aşağı istehza ilə süzüb, üzünü turşutdu. Sonra özünü yığışdırb, ciddi bir tərzdə dedi: - Mənə elə gəlir ki, adımı bilməyinizə ehtiyac yoxdur. Bir sözünüz varsa, məni elə ağa çağırarsınz. Hə, indi keçək əsas mətləbə. Görəcəyiniz iş çətin deyil. İki-üç saat vaxtınız gedəcək. Görürsünüz bu xoruzları? Hələ də bir şey anlamayan “qul”lar başlarını yellədi. - İşiniz bu xoruzları tutmaq olacaq! Hərənizə şax, göm-göy yüzlük, amerikanski dollar verəcəyəm. Hələ bir deyin görüm, səhər çörək yemisiniz? Nə baş verdiyini hələ də anlamayan, təəccübdən gözləri böyümüş “qul”lar başlarını sağa-sola hərləməklə ac olduqlarını bildirdilər. Onların ac olduğuna kefi lap durulan ağa qucağında möhkəm-möhkəm tutub saxladığı xoruzların uzun boyunlarına sığal çəkib, - Lap yaxşı! Əla!!! Əla!!! İndi sizi yedirib, içirdəcəyəm. Qəti narahat olmayın. – deyə, xoruzları “qulların” qucağına basıb, yenidən harasa getdi. Geri qayıdanda onun əlndə iki şüşə araq, iki çappa stəkan var idi. Ağa stəkanları araqla doldurub dedi: - Çəkin başınıza! İndi yemək də gələcək. - Yox biz içmirik, - deyə “qul”lar etiraz edəndə, kişinin üzü bozardı. Vəhşiləşmiş gözlərini bərəldib qışqırdı: - Necə yanı içmirik?! İçəcəksiniz! İçməsəniz, özünüz bilərsiniz. Yolun üstü ilə necə gəlmisiniz, altı ilə üzü sulu elə gedəcəksiniz! Qovacam sizi, qandınız? Məndən bir qara qəpik də görməyəcəksiniz! Əlacsız qalan “qul”lar, içlərindəki ədalətsizlikdən doğan həm əzabı, həm də əsəbi yatırtmaq üçün araq dolu stəkanı bir nəfəsə başlarına çəkdi. Ac adam ola, bir də tünd araq. İkinci stəkanı içdikdə, hər ikisinin gözlərinə, sanki, qaranlıq çökmüşdü. Üçüncü stəkandan sonra isə, artıq dünya-aləm başlarına fırlanırdı. - Bax belə!!! İndi isə, hazır olun, xoruzları uçurdacam! Siz onları tutub gətirənəcən, süfrəniz hazır olacaq! Bir, iki, üç! Haydı!!! Qaçın!!! Qaçın!!! Nə baxırsınız, ə?! Cibindən çıxartdığı yüzlük dolları barmaqlarının ucunda ouynada-oynada – Yüzlük ha. Baxın!!! -deyə dişləri ağarıncaya qədər qımışdı. Elə mərəkə də bundan sonra başladı. Qüvvətli əzələli, canlı budları uzaqdan gəl-gəl deyən döyüşkən xoruzlar azadlığa çıxdıqlarına quqquldaya-quqquladaya, özlərini vurdular qızılgül kollarının arasına. Ordan bura, burdan ora sıçrayıb, gözdən yayınmağa çalışdılar. Tarazlığı itirən “qul”lar gözlərini qıyıb, ucu-bucağı görünməyən baxçada xoruzları gözdən qaçırmamağa çalışsalar da, bacarmırdılar. Ayaqları dolaşdığından tez-tez səndirləyib yıxılır, tikanlı gül kollarına ilşib, əllərini, sifətlərini qana boyayırdılar. İki saatdan sonra kartof soyutması ilə turşu xiyara və arağa qonaq olan zavallılar qaş qaralanacan ac - susuz, qan-tər içində dəfələrlə yıxılıb duraraq, 100 dollar naminə xoruzları qovsalar da, onları tuta bilmədilər. Qulların getdikcə haldan düşmələrindən, insan mənəviyyatının alçaldılmasından xüsusi ləzzət alan məclis əhli - xanımların, bəylərin külafirəngidən eşidilən qəhqəhələri Mərdəkan bağlarını başına almışdı. Canları boğazlarına yığılan “qul”lar o qədər yazıqlaşmışdılar ki, az qalırdılar dizlərini yerə qoyub, - ay ağalar, istəmirik sizin 100 dolları, buraxın bizi çıxıb gedək evimizə-eşiyimizə, - demək istəsələr də, zəhmli ağanın kəsdiyi şərtin ucbatından susmağa məcbur qalmışdı. Nəhayət, qaçhaqaçda bağırları yarılan xoruzların biri daha qoçaq çıxaraq, uçub barının başına qondu və oradan da qonşunun baxçasına atıldı. Bunu görən “qul”lar tələsik qonşunun kiçik bağına keçib, köməkləşərək xoruzun birini tuta bildilər. Həmin “qoçaq” xoruzu ələ keçirdikdən sonra, hər ikisi birlikdə son güçlərini toplayıb, o biri əldən düşmüş xoruzu da tutub sahibinə təhvil verdilər. Amma hirslərindən dodaqlarını çeynəyən “qul”lar da bütün günü onlara divan tutan “dəcəl” xoruzlara borclu qalmadılar. Hər ikisi bayaqdan külafirəngidən asılı qalaraq, onların qan-tər içində qaçıb-tutmalarından ləzzət alan ağaların gözündən yayınıb, xoruzların quyruqlarının ala-bəzəkli tüklərini o ki var dartıb yoluşdurdular. Bax beləcə... Nəhayət zəhmətlərinin haqqı əvəzi yüz dolları əllərinə alan “qul”lar yorğun-ağrın, ac-susuz şəhərə gələn sonuncu avtobusla geri döndülər. Yolda onları bərk yuxu tutduğundan sürücünün səsinə oyandılar. - Qədeşlər, sonuncu dayanacaqdı yey, düşün də! Qaraja getməliyəm axı!
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |